Balıq buğlamasının reseptini Neftçalalı izləyicilərimdən soruşmuşdum, hazırlanma qaydası ailədən ailəyə dəyişirdi, bu isə ən çox tövsiyə olunub deyə bu reseptlə hazırladım. Onu da qeyd edim ki, balıq buğlaması fəsildən asılı olaraq 2 cür olur: göyərti ilə və videoda gördüyünüz pomidor-bibər ilə. Mən balığı daha çox qızardılmış şəkildə sevirəm və balıq buğlamasını bəyənəcəyimə inanmırdım. Amma dadına baxanda necə yanıldığımı başa düşdüm. Qısa desək, möhtəşəm idi və dadan hər kəs bəyəndi!
Ərzaqlar
Hazırlanma qaydası
- 1.Kartofu yumru şəkildə yarım santimetr qalınlığında doğrayırıq. Soğanı yarımhalqa, bibəri halqa şəklində doğrayırıq. Pomidorun saplaq hissəsini kəsib 2 yerə bölürük. Göyərtini xırda doğrayırıq.
- 2.Balığı əvvəlcədən təmizlənmiş şəkildə alsanız yaxşı olar (mən kütüm balığını istifadə etdim).
- 3.Alça turşusu qurudursa, əvvəlcədən suda saxlayırıq.
- 4.Dibi yapışmayan tavanın və ya qazanın dibinə bitki yağı əlavə edirik.
- 5.Kartoflar balığın yağını çəksin və balıqdan tez bişsin deyə əvvəlcə kartofları düzürük.
- 6.Sonra üzərinə balıq, soğan, bibər və pomidor (kəsilmiş tərəfi aşağı olmalıdır) düzürük.
- 7.Daha sonra alça turşusu, kərə yağı, duz, qara istiot və sarıkök əlavə edirik.
- 8.Qapağı bağlayıb aşağı odda 20 dəqiqə bişiririk.
- 9.Sonra qapağı açıb, pomidorun qabığını götürürük, göyərtini əlavə edib yenə qapağı bağlı şəkildə kartoflar tam hazır olana kimi bişiririk.
- 10.Hərdən tavanı/qazanı oynadın ki, ədviyyatlar qarışsın, amma balığın dağılmaması üçün ehtiyatlı olun. Nuş olsun!
Qeydlər
- Buğlamanı sulu xoşlayanlar yarım stəkan su da əlavə edə bilərlər, mən yağa düşəndə xoşlayıram.